19/12/2011

Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə tədbir keçirilib


“Sumqayıt Şəhər” Peşəkar Futbol Klubu dekabrın 17-də Sumqayıtda yerləşən “Tural” restoranında 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə böyük tədbir təşkil etdi. Tədbirə klubun rəhbərliyi ilə yanaşı, əsas və əvəzedici heyətin üzvləri, məşqçilər korpusu, “Azərikimya” İstehsalat Birliyinin rəhbərliyi, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun nümayəndələri, yola saldığımız ildə digər idman növlərində fərqlənən sumqayıtlı idmançılar və media nümayəndələri də təşrif buyurmuşdu.

Əvvəlcə tədbiri açıq elan edən aparıcı Pərviz Musayev bütün qonaqları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə təbrik etdi.

Ardınca “Sumqayıt Şəhər” Peşəkar Futbol Klubunun təsisçisi, baş sponsoru “Azərikimiya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev mikrofon önünə keçdi. Öz çıxışında ölkə idmanına və idmançılarına göstərilən dövlət qayğısından, idmançılarımızın beynəlxalq arenada qazandığı uğurlardan söz açan Babayev klubumuz haqqında da bəzi fikirlər səslənirdi: “İlk növbədə bütün Azərbaycan xalqını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə təbrik edirəm. Bu gün tədbirdə “Sumqayıt Şəhər”in futbolçu və məşqçi heyəti ilə yanaşı, şəhərin idmançıları da iştirak edir. Sumqayıt hər zaman ölkə idmanına öz tövhəsini verib. Məhz bu səbəbdən biz şəhərimizlə fəxr etməliyik. Son zamanlar dövlət başçısı cənab İlham Əliyev ölkəmizdə idmanın inkişafı üçün əlindən gələni etməkdədir. Bunun nəticəsidir ki, Azərbaycan idmançıları beynəlxalq arenalarda daim yüksək yerlər uğrunda mübarizə aparır. Qaldı ki, “Sumqayıt Şəhər”ə, klubumuz öz işini davam etdirir. Hazırda çətin bir dövr yaşayırıq. İnanıram ki, tez bir zamanda komandamız qələbələri sıralamaqla bizi sevindirəcək. Komandanın heyətində Samir Abasov, Aslan Kərimov, Mahmud Qurbanov, Aqil Məmmədov kimi təcrübəli futbolçular çıxış edir. Məhz onlar gənc futbolçularımızın püxtələşməsində böyük rol oynayacaq”.

Muxtar Babayevin çıxışından sonra “Sumqayıt Şəhər” PFK-nın cari mövsümdə Premyer Liqada keçirdiyi oyunlardan hazırlanmış qısa metrajlı film qonaqlara təqdim olundu.

Daha sonra klubun prezidenti Kamran Quliyevə söz verdi. Öz növbəsində qarşıdan gələn bayram münasibəti ilə qonaqları təbrik edəh Quliyev klubun gələcək inkişaf strategiyasından, qarşıya qoyulan məqsədlərdən, gələcəkdə klubun nəzdində inşa olunacaq futbol akademiyasından ətraflı məlumat verdi. Klub prezidenti çıxışında onu da qeyd etdi ki, qarşılarına qoyduqları əsas məqsədlərdən biri də yerli və perspektivli futbolçuları Avropa klublarına transfer etməkdir.

Qısa fasilədən sonra “Sumqayıt Şəhər” ölkəmizdə böyük nüfuza sahib olan iki şirkətlə müqavilə imzaladı. Əvvəlcə “Spektr Travel” şirkətinin nümayəndəsi Göydəniz Qəhrəmanov masaya dəvət olundu. Daha sonra “Aqua Vita”nın rəsmisi müqavilə imzaladı. Hər iki şirkətin nümayəndələri əməkdaşlıqdan razı qaldıqlarını bildirməklə yanaşı, tərəfdaşlıqlarının uzun ömürlü olacağına inandıqlarını söylədi. Hər iki sponsora “Sumqayıt Şəhər”in 50 nömrəli forması da hədiyyə olundu.

Tədbirin növbəti hissəsi də maraqlı keçdi. Belə ki, zalda quraşdırılmış ekranlarda daha sonra 2012-ci ildə ölkəmizdə təşkil olunacaq 17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatının reklam çarxı qonaqlara nümayiş edildi. Bundan sonra söz mundialın təşkilat komitəsinin üzvləri – Nərgiz Məmmədova və Vüqar Rüstəmliyə verildi. DÇ-nin ölkəmizə faydasından, çempionatın təşkilində yardımçı olacaq könüllülər hərəkatı haqda ətraflı məlumat verən adları çəkilən şəxslər zalda kiçik viktorina keçirdi. Nərgiz və Vüqar qonaqlara mundialla bağlı müxtəlif suallara düzgün cavab verənlərə hədiyyələr təqdim etdi.

Bundan sonra üzərində klubun yeni loqosu olan tort “Sumqayıt Şəhər”in təcrübəli yarımmüdafiəçisi Mahmud Qurbanova və karate üzrə 10 qat Avropa, 4 qat dünya çempionu Rafael Ağayevə həvalə olundu. Ardınca klubun rəhbərliyi başqa idman növlərində fərqlənən sumqayıtlı idmnaçıları mükafatlandırdı. Əvvəlcə klubumuzun baş məşqçisi Bernard Raab paralimpiya oyunlarının 2 qat qalibi cüdoçu İlham Zəkiyevə hədiyyəsini təqdim etdi. Komandanın kapitanı Samir Abasov isə Rafael Ağayevi mükafatlandırdı. Komanda üzvləri zala təşrif buyuran bütün qonaqları sıra ilə hədiyyələndirdi.

Daha sonra Sumqayıt Gənclər və İdman İdarəsinin rəisi Musa Həsənov “Sumqayıt Şəhər” PFK-nin rəhbərliyinə öz minnətdarlığını bildirdi. Futbolçulara gələcək oyunlarda uğurlar arzuladı. Mərasimdə isə son söz klubun vitse-prezidenti Vaqif Ömərova verildi. Öz növbəsində qonaqları qarşıdan gələn bayram münasibəti ilə təbrik edən klubun rəsmisi mərasimə təşrif buyuran bütün qonaqlara minnətdarlığını bildirdi.

Sonda isə bütün qonaqların iştirakı ilə xatirə şəkli çəkdirildi.