19/05/2016

"Sumqayıt" FK-nın U-17 komandası mükafatlandırılıb


UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016 turnirinin 1/2 final mərhələsi çərçivəsində “Dalğa Arena”da keçirilmiş Almaniya – İspaniya qarşılaşmasının fasiləsində AFFA-nın Bakcell U-17 Liqasının və U-16 Liqasının 2015/2016-cı il mövsümünü ilk 3 pillədə başa vurmuş komandaların mükafatlandırılması mərasimi təşkil olunub. Mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov, AFFA-nın İcraiyyə Komitəsinin üzvləri İskəndər Cavadov və Vaqif Sadıqov, Bakcell şirkətinin baş icraçı direktoru Nikolay Bekers təqdim ediblər.

"Sumqayıt" Futbol Klubunun 17 yaşadək futbolçulardan ibarət komandası da U-17 Liqasında mövsümü 3-cü pillədə başa vurduğu üçün mükafatlandırılıb. Qeyd edək ki, Zaur Hidayətovun rəhbərlik etdiyi komanda başa çatan mövsümdə U-17 liqasında 26 oyunda 18 qələbə, 6 heç-heçə və 2 məğlubiyyətə imza atıb və bürünc medallara yiyələnib. Komandamız bu oyunlarda 73 qol vurub və qapısından 20 top buraxıb.