13/05/2016

Qarayev: "Belçika ilə görüşdə həmin epizodda fərqlənə bilsəydik indi Almaniya ilə oyuna hazırlaşırdıq"


Paytaxtımız Bakıda təşkil olunan 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsi davam edir. Artıq bu mötəbər turnirin bütün 1/4 finalçıları da məlumdur. Təəssüflə qeyd etməliyik ki, 8 ən güclü arasında millimiz yer almadı. Mübarizəni qrupda dayandıran yığmamız bu şansdan məhrum oldu. Buna baxmayaraq, Təbriz Həsənovun rəhbərlik etdiyi komandamız Portuqaliya, Belçika və Şotlandiyanın yer aldığı qrupda 4 xal qazanmaqla tarixi uğura imza atdı. Millimizin heyətində hər üç oyunda 90 dəqiqə meydanda olan Ricat Qarayev "Sumqayıt" Futbol Klubunun üzvüdür. Qarayev bu mötəbər yarışda iştirakla bağlı təəssüratlarını klubun rəsmi saytı ilə bölüşüb.

- Avropa çempionatına çox ciddi şəkildə hazırlaşmışdıq. Hamılıqla bu mötəbər turnirdə oynamağı çox istəyirdik. Uşaqların hamısında həyəcan pik nöqtəsində idi. Açılış oyunda 33 min azarkeşin qarşısında oynamaq isə başqa bir hiss idi. Çox təəssüf ki, ilk oyunumuz Portuqaliya millisinə qarşı oldu. Olduqca güclü futbolçulardan qurulmuş heyətləri var. Düşünürəm ki, bu oyundakı məğlubiyyətin əsas səbəbi erkən qol buraxmağımız oldu. Digər məsələ isə bu görüşdə oyunumuzun alınmaması idi. Belçika və Şotlandiyaya qarşı nümayiş etdirdiyimiz futbolu Portuqaliyaya qarşı oynaya bilsəydik, sizi əmin edirəm ki hesab belə olmayacaqdı. 

- Belçika ilə qarşılaşma barəsində nə deyə bilərsən?
- Böyükhesablı məğlubiyyətdən sonra bu oyuna köklənmək biz futbolçular üçün həqiqətən çətin idi. Lakin sağolsun məşqçi heyətimiz bizi bu qarşılaşmaya hazırlaya bildi. Belçikalılar heç də asan rəqib deyildi. Oyunun olduqca ağır keçəcəyini hamılıqla bilirdik. Bu görüşdə hər iki komandanın qol vurmaq üçün bir neçə şansı oldu. Belçika ilə görüşün son dəqiqəsində həmin epizodu qola çevirə bilsəydik indi Almaniya ilə oyuna hazırlaşırdıq.

- Şotlandiya üzərindəki qələbədən sonra komanda olaraq hansı hissləri keçirdiniz?
- Şotlandiya ilə oyunda yalnız qələbə haqqında düşünürdük. Əlbəttə, ilk növbədə hər iki qarşılaşmada sərfəli nəticənin olmasına az da olsun ümidimiz var idi. Amma tək istəyimiz bu qarşılaşmada qələbə qazanıb azarkeşlərimizi və xalqımızı sevindirmək idi ki, bunun da öhdəsindən gəldik. Qələbədən sonrakı hissləri isə sözlə ifadə edə bilmərəm.

- Bakıda keçirilən Avropa çempionatı Azərbaycan futboluna və siz yeniyetmə futbolçulara nə verdi?
- İlk növbədə qeyd edim ki, olduqca güclü komandamız var. Çox gözəl və mehriban kollektivimizin olması bizi sevindirməyə bilməz. Artıq 3 ildir ki bir yerdəyik. Avropa çempionatı biz gənc futbolçulara çox şey verdi. Ən əsası isə böyük təcrübə qazandıq. Əlbəttə, belə bir mötəbər turnirin ölkəmizdə keçirilməsi bütün Azərbaycanın xalqının uğurudur.