07/05/2016

Ümummilli Liderin xatirəsinə həsr edilmiş turnir başa çatıb


"Azərikimya" İstehsalat Birliyi ilə Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi, Şimal Regional Futbol Federasiyası və "Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə Sumqayıt şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş idarə, müəssisə, təşkilat, KİV nümayəndələri və həvəskar komandalar arasında keçirilmiş futbol turniri başa çatıb.

Əvvəlcədən məlumat verdiyimiz kimi, olimpiya sistemi üzrə keçirilmiş yarışda 8 komanda mübarizə aparıb.

Dünən “Kapital Bank Arena”da turnirin yarımfinal və final oyunu baş tutub. Belə ki, 1\2 finalda Sumqayıt veteranlar klubu Sumayıt şəhər Polis İdarəsinə, "Sumqayıt" FK-nın rəhbərliyi və məşqçi heyətindən ibarət yığma komanda isə Azərikimya İstehsalat Birliyinə qalib gəlib. Daha sonra 3-cü yer uğrunda görüş və turnirin final oyunu baş tutub. Bu mərhələdə Sumqayıt veteranları daha üstün oyun nümayiş etdirərək qalib adını qazanıb. Sumayıt şəhər Polis İdarəsi isə Azərikimya İstehsalat Birliyinə qalib gələrək bürünc medallara sahib çıxıb.

Həlledici görüşlər başa çatdıqdan sonra turnirin mükafatlandırılma mərasimi baş tutub. Tədbirdə “Sumqayıt” FK-nın Müşahidə şurasının sədri Abdulla Məmmədov, şuranın üzvü, veteran futbolçu Telman Salahov və Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Mübariz Bəşirov iştirak edib. Qaliblər kubok, medal və müxtəlif hədiyyələrlə mükafatlandırılıb.

Sonda xatirə şəkili çəkdirilib.