26/04/2016

"Futbol və Sağlam Həyat" adlı layihə 36 və 31 saylı orta məktəblərdə keçirilib


"Kapital Bank" ASC, "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu, Təhsil Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Təhsil Şöbəsi, "Azərikimya" İB və "Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə Sumqayıt məktəbliləri üçün təşkil olunmuş "Futbol və Sağlam Həyat" layihəsi davam edir.

Layihə bu dəfə Sumqayıtın 36 və 31 saylı orta məktəblərində baş tutub. Tədbirdə həmin məktəblərlə yanaşı 4, 2, 7, 39, 21, 28, 24, 29 və 23 saylı orta məktəblərin şagirdləri də iştirak edib.

Ümumilikdə, 2 gün ərzində davam edən layihəyə 120-dən artıq şagird qatılıb.

Nəzərdə tutulduğu kimi "Sumqayıt" FK-nın Texniki direktoru Aqil Məmmədov və məşqçi Tərlan Məmmədov şagirdlərə futbol oyunu haqqında hazırladığı proqramı təqdim edib. Tədbirdə "Sumqayıt" FK-nın baş meneceri Ceyhun Sultanov, əsas komandanın futbolçu heyəti də iştirak edib.

Proqram çərçivəsində Ceyhun Sultanov şagirdlərlə sual-cavab oyunu keçirib və qaliblərə xüsusi hədiyyələr təqdim edib.

Tədbirdə həmçinin "Paşa Həyat Sığorta" ASC-nin nümayəndələri İsrail Qarayev, Elşad Həsənov və Elnur Hüseynquliyev də iştirak edib. Yekunda iştirakçılara "Sumqayıt" FK-nın idman geyimləri, "Kapital Bank" ASC və "Paşa Həyat Sığorta" ASC-nin hazırladığı xüsusi hədiyyələr təqdim edilib.

Qeyd edək ki, "Futbol və Sağlam Həyat" layihəsi 48 orta məktəbi əhatə edəcək. Ümumilikdə, layihədə 500-dən artıq şagird iştirak edəcək.