11/12/2011

“Sumqayıt Şəhər”dən böyükhesablı qələbə


"Sumqayıt Şəhər" 4:1 "Kəpəz"
11 dekabr 2011. Saat 14:00. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 480 tamaşaçı
Baş hakim: Anar Salmanov
Baş hakimin köməkçiləri: Elman Musayev, Vaqif Musayev
Dördüncü hakim: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Nüvər Xasıyev
Sarı vərəqələr:
Mahmud Qurbanov, 80 (qeyri-idman hərəkəti) // Armand Feutchine, 78 (bilərəkdən əllə oyun); Junivan Suares, 82 (rəqibə badalaq); Azər Məmmədov, 87 (hakimə etiraz)
Qollar: Kamil Nurəhmədov, 45; 88 (pen.); Timur İsrafilov, 51; Emin Mustafayev, 77 // Sabir Allahquliyev, 15
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.

“Sumqayıt Şəhər”
55. Andrey Popoviç
16. Hacı Əhmədov
20. Timur İsrafilov
22. Ruslan Tağızadə
52. Bədavi Hüseynov
4. Samir Abasov (k)
10. Eşqin Quliyev
(8. Emin Mustafayev, 74)
27. Ramil Həşimzadə
11. Kamil Nurəhmədov
9. Orxan Həsənov
(7. Mahmud Qurbanov, 38)
19. Orxan Əliyev
(50. Samir Abdulov, 60)
Ehtiyat oyunçular:
1. Emil Balayev
25. Ramil Nuriyev
95. Ruslan Nəsirli
15. Aleksandr Qross
Baş məşqçi: Bernhard Raab

“Kəpəz”
22. Konstantin Kolesnikov
27. Pərvin Paşayev
28. Milan Antiç
4. Azər Məmmədov (k)
8. Armand Feutchine
10. Ceyhun Sultanov
11. Sabir Allahquliyev
14. Dmitri Parxaçov
(23. Junivan Suares, 46)
18. Nikolay Svejentsev
19. Zaur Əsədov
(7. Asəf Qədiri, 80)
30. Yuri Fomenko
Ehtiyat oyunçular:
88. Elşən Poladov
2. Nicat Məmmədov
3. Vasif Haqverdiyev
15. Şahin Kərimov
33. Təbriz Hüseynli
Baş məşqçi: Mirbağır İsayev

“Sumqayıt Şəhər” Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Kəpəz”i qəbul edirdi.

Fasiləyə bərabərliklə

Qarşılaşmada ilk real qol vəziyyətini qonaqlar yaratdı. Cərimə meydançasına daxil olan Sabir Allahquliyevin zərbəsindən sonra top qapıdan azca aralı keçdi. “Sumqayıt Şəhər” qarşılaşmanın 11-ci dəqiqəsində hesabı açmaq üçün real imkan qazandı. Eşqin Quliyevin cərimə zərbəsindən qapı qarşısına ötürməsindən sonra Samir Abasovun baş zərbəsi zamanı “yuvarlaq meşin” qapıdan aralı keçdi. Görüşün 15-ci dəqiqəsində “Kəpəz” hesabı açdı. Pərvin Paşayevin ötürməsindən sonra Sabir Allahquliyev topu tora qovuşdurdu. Birinci hissənin sonlarına yaxın ərazi üstünlüyünü ələ keçirən “Sumqayıt Şəhər” 45-ci dəqiqədə hesabı bərabərləşdirdi. Mahmud Qurbanovun künc zərbəsindən ünvanladığı topu Timur İsrafilov başla endirdi. Bu zaman cərimə meydançasındakı qarışıqlıqdan istifadə edən Kamil Nurəhmədov topu Konstantin Kolesnikovun qoruduğu qapıdan keçirdi.

Böyük üstünlük və böyükhesablı qələbə
İkinci hissəyə hücumlarla başlayan “Sumqayıt Şəhər” qarşılaşmanın 51-ci dəqiqəsində hesabda irəli çıxdı. İlk qolun müəllifi Kamil Nurəhmədovdan ötürmə alan Timur İsrafilov qapıçıdan da sıyrılaraq topu tora qovuşdurdu. Qoldan sonra da hücumlarını davam etdirən komandamız meydanın mərkəzində rəqibə oynamağa imkan vermirdi. Görüşün 73 və 75-ci dəqiqələrində Samir Abdulov və Kamil Nurəhmədovun zərbələrindən sonra “Kəpəz”in qolkiperi inamlı oyunu ilə diqqət mərkəzinə düşdü. Oyunun 77-ci dəqiqəsində isə “Sumqayıt Şəhər” hesab arasındakı fərqi bir qədər də artırdı. Ramil Həşimzadənin cinah ötürməsindən sonra Kolesnikov topu uzaqlaşdırmağa çalışsa da, hamıdan cəld tərpənən Emin Mustafayev qüvvətli zərbə ilə topu qapıdan keçirdi. Qarşılaşmanın başa çatmasına iki dəqiqə qalmış Azər Məmmədov cərimə meydançasında Kamil Nurəhmədova qarşı kobud oynadı və oyunun baş hakimi Anar Salmanov tərəddüd etmədən penalti nöqtəsini göstərdi. Topa yaxınlaşan Nurəhmədov oyunun hesabını rəsmiləşdirdi.
Bu qələbədən sonra xallarının sayını 12-yə çatdıran “Sumqayıt Şəhər” sonuncu pilləni tərk etdi.

Bernhard Raab: “Gözəl oyun nümayiş etdirdik”
Bernhard Raab (“Sumqayıt Şəhər”in baş məşqçisi): “Biz bu oyuna çox böyük önəm verirdik. Ona görə də nəticədən razıyam. Baxmayaraq ki, ilk hissənin əvəlində zəif təsir bağışladıq, amma bütün oyun boyu qələbə qazanmaq istəyimizi nümayiş etdirdik. Etdiyimiz dəyişikliklər oyuna təsirini göstərdi. Gözəl oyun nümayiş etdirdik. Rəqib komandaya uğurlar arzulayıram”.

Mirbağır İsayev (“Kəpəz”in baş məşqçisi):
“İlk növbədə “Sumqayıt Şəhər” komandasını qələbə münasibəti ilə təbrik edirəm, gələcək oyunlarda uğurlar arzulayıram. “Rəvan”la oyundan sonra futbolçulara “Sumqayıt Şəhər”lə oyunun daha çətin olacağını demişdim. Komanda bugünkü oyunda fiziki cəhətdən zəif idi. Hesabda irəli olsaq da, bu üstünlüyü qoruyub saxlaya bilmədik. Kimliyindən asılı olmayaraq, heç kim “Kəpəz”də havayı pul almayacaq”.