01/03/2016

"Sumqayıt" FK U-11 turnirin qalibi olub, U-17, U-16, U-14, U-13 də həftəni qələbə ilə başa vurub


Sumqayıt Gənclər və İdman Baş idarəsi 5 mart - Bədən tərbiyəsi və idman günü ilə əlaqədar 2005-2006-cı il təvəllüdlü futbolçular arasında futbol turniri təşkil edib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan, 3 gün ərzində davam edən və 10 komandanın qatıldığı yarışda "Sumqayıt" Futbol Klubunun 11 yaşadək futbolçuları da iştirak edib. Zahir Əsgərovun rəhbərlik etdiyi komanda final görüşündə "Təhsil" üzərində 4:2 hesablı qələbəyə sevinərək turnirin çempionu adını qazanıb. Həlledici görüşdə, "Sumqayıt" FK-nın U-11 komandasından qolları Murad Kərimli, İbrahim Nağıyev, Qurbanhüseyn Nağıyev və Rəvan Əsgərzadə vurub. Qarşılaşmadan sonra qaliblərə mükafatlar təqdim edilib.

Bundan başqa, həftə ərzində AFFA-nın təşkil etdiyi futbol liqalarında da növbəti turun oyunları keçirilib. Belə ki, "Sumqayıt" FK-nın 17 yaşadək futbolçulardan ibarət komandası "Turan"ı 4:1 hesabı ilə məğlubiyyətə uğradaraq 3-cü pillədəki mövqeyini bir qədər də möhkəmlədib. Bu oyunda komandamızdan qolları Cavid Quliyev, Tacir Əlizadə, Nicat Sərdarlı və Asif Hacıyev vurub.

"Sumqayıt" FK U-16 da turu qələbə ilə başa vurub. Komandamız səfərdə "Vətən"i 2:1 hesabı ilə məğlubiyyətə uğradıb. Bu qarşılaşmada Cavid Quliyev və Valeh Orucov fərqlənib.

"Sumqayıt" FK U-14 də "Vətən"i eynihesablı qələbə üstələyib. Murad Həsənli bu oyunda hər iki qolun müəllifi olub.

"Sumqayıt" FK U-13 isə "Zirə" üzərində böyükhesablı qələbəyə sevinib. Bu görüşdə Murad Əzizbəyov (2), Rüfət Hümbətov, İbrahim Əhmədov, Hüseyn Yusifzadə və Nurlan Bayramov fərqlənib.

Qeyd edək ki, bu tur U-19 komandamız AZAL-a 1:2, U-15 komandamız isə "Neftçi İK İB"ya 0:1 hesabı ilə məğlub olub.