09/12/2011

Əvvəlcə “Sual yağışı”, daha sonra “Qol yağışı” oldu


Bu gün “Sumqayıt Şəhər” Peşəkar Futbol Klubu və “168 saat” qəzetinin birgə təşkilatçılığı ilə “Sual yağışı” şərti adı altında tədbir keçirilib. Jurnalistlərlə qeyri-rəsmi formatda – çay süfrəsi ətrafında keçirilən görüşdə “Sumqayıt Şəhər” PFK-nın baş məşqçisi Bernhard Raab və futbolçularımız mətbuat işçiləri, azarkeşlər və gənclər təşkilatlarının nümayəndələrinin suallarını cavablandırıb. Görüş zamanı baş məşqçimiz Bernhard Raab klubda görülən işlər, ölkə futbolunun inkişafı və gələcək planlardan danışıb. Komandamızın kapitanı Samir Abasov isə Sumqayıt futbolu ilə bağlı bəzi maraqlı məqamlara toxunub. Gənc kollektivdə oynamağın çətin və asan tərəfini açıqlayan millimizin sabiq futbolçusu “Sumqayıt Şəhər”in Premyer Liqadakı çıxışına da münasibət bildirib. Jurnalistələrin suallarını cavablandıran yarımmüdafiəçimiz Emin Mustafayev isə gənc futbolçulara bəzi məsləhətlər verib.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra jurnalistlər, şəhərin fəalları və azarkeşlərdən ibarət komanda ilə “Sumqayıt Şəhər”in məşqçi və inzibati heyəti ilə rəhbərliyin birləşmiş komandası üz-üzə gəlib. Oyundan əvvəl “Sumqayıt Şəhər”in prezidenti Kamran Quliyev tədbir iştirakçılarını salamlayıb. Belə görüşlərin ənənə halına çeviriləcəyini bildirən klub rəhbəri iştirakçılara uğurlar arzulayıb. Maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşmada isə komandamız 9:6 hesabı ilə qələbə qazanıb. 

Tədbirin sonunda oyunun ən yaxşı futbolçusu seçilib. “168 saat” qəzetinin əməkdaşı Elvin Məhərrəmov “Sumqayıt Şəhər” PFK tərəfindən mükafatlandırılıb. Komandamızın baş məşqçisi Bernhard Raab xüsusi kuboku adıçəkilən jurnalistə təqdim edib. Sonda xatirə şəkli çəkdirilib.