20/01/2016

“Sumqayıt” FK Rumıniya təmsilçisi “Voluntari” ilə heç-heçə edib


Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” Futbol Klubu qonşu ölkədə növbəti yoxlama oyununu keçirib. Samir Abasovun rəhbərlik etdiyi komanda əvvəlcədən planlaşdırıldığı kimi Rumıniyanın “Voluntari” klubu ilə üz-üzə gəlib.

20 yanvar ümumxalq matəm günü ilə əlaqədar olaraq, qarşılaşma bir dəqiqəlik sükutla başlayıb.

İlk yoxlama matçında Qazaxıstanın “Akjayık” klubunu 1:0 hesabı ilə məğlubiyyətə uğradan “Sumqayıt” FK bu görüşdən 0:0 hesablı heç-heçə ilə ayrılıb.

Qeyd edək ki, “Sumqayıt” FK növbəti yoxlama oyunlarını yanvarın 21-də İran çempionu “Sepahan”a və 22-də Rumıniya yüksək liqa təmsilçisi “Petrolul”a qarşı keçirəcək.

Yoxlama oyunu
“Sumqayıt” - “Voluntari” (Rumıniya) 0:0

“Sumqayıt” FK-nın heyəti: Səlahət Ağayev, Slavik Alxasov, Cəmil Hacıyev (Emin Mehtiyev, 46), Vurğun Hüseynov (k), Bəxtiyar Həsənalızadə, Aleksandr Çertoqanov, Murad Ağayev, Uğur Pamuk, Ağabala Ramazanov, Vaqif Cavadov (Nicat Muxtarov, 71), Amil Yunanov (Pərdis Fərcad-Azad).

Samir Abasov (“Sumqayıt” FK-nın baş məşqçisi): “Antalyada ikinci yoxlama oyunumuza çıxdıq. Fiziki göstəriciləri yüksək olan bir komandaya qarşı oynadıq. Maraqlı qarşılaşma oldu. Əvvəlki yoxlama oyununda iki heyət oynatsam da, bu qarşılaşmada cəmi 3 dəyişikliyə əl atdım. Düşünürəm ki, növbəti iki yoxlama oyunundan sonra komanda tam hazır vəziyyətə gələcək”.