18/01/2016

Antalyada növbəti məşq, “Sumqayıt” FK yanvarın 21-də “Sepehan”la qarşılaşacaq


Dünən ilk yoxlama oyununda Qazaxıstanın “Akjayık” klubunu məğlubiyyətə uğradan “Sumqayıt” Futbol Klubu Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirir. Komandamız bu gün qonşu ölkədə növbəti məşqini keçirib. Baş məşqçi Samir Abasovun rəhbərliyi altında komanda daha çox taktiki və texniki çalışmalar üzərində işləyib. Sonda kollektiv ikitərəfli oyunla məşqi tamamlayıb.

Bu arada, komandamızın Türkiyədəki daha bir rəqibi müəyyənləşib. Belə ki, “Sumqayıt” FK yanvarın 21-də İranın “Sepehan” klubu ilə yoxlama matçında qüvvəsini sınayacaq. Qeyd edək ki, adıçəkilən klub İranın son çempionudur. Həmin qarşılaşma Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

“Sumqayıt” FK “Sepehan”dan başqa növbəti yoxlama oyunlarını xəbər verdiyimiz kimi Rumıniya yüksək liqa klublarına qarşı keçirəcək. Klubumuz yanvarın 20-də “Voluntari”, 22-də isə 4 dəfə ölkə çempionu olmuş “Petrolul”la üz-üzə gələcək. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.