17/01/2016

“Sumqayıt” FK Qazaxıstanın “Akjayık” klubunu məğlubiyyətə uğradıb


Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” Futbol Klubu qonşu ölkədə ilk yoxlama oyununu keçirib. Samir Abasovun rəhbərlik etdiyi komanda əvvəlcədən planlaşdırıldığı kimi Qazaxıstanın “Akjayık” klubu ilə üz-üzə gəlib. Maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə komandamız 1:0 hesablı qələbə qazanıb. Oyunda “Sumqayıt” FK-dan yeganə qolu penaltidən Pərdis Fərcad-Azad vurub.

Qeyd edək ki, “Sumqayıt” FK növbəti yoxlama oyunlarını Rumıniya yüksək liqa klublarına qarşı keçirəcək. Komandamız yanvarın 20-də “Voluntari”, 22-də isə 4 dəfə ölkə çempionu olmuş “Petrolul”la üz-üzə gələcək. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Yoxlama oyunu
Antalya, Su Səsi İdman Kompleksinin stadionu

“Sumqayıt” - “Akjayık” (Qazax;stan) 1:0
Qol:
Pərdis Fərcad-Azad, 78.

“Sumqayıt” oyuna bu heyətlə çıxıb: Səlahət Ağayev, Slavik Alxasov, Cəmil Hacıyev, Vurğun Hüseynov (k), Bəxtiyar Həsənalızadə, Aleksandr Çertoqanov, Murad Ağayev, Uğur Pamuk, Ağabala Ramazanov, Vaqif Cavadov, Amil Yunanov.

Meydana sonradan daxil olanlar: Tərlan Əhmədli, Eltun Yaqublu, Emin Mehtiyev, Samir İbrahimov, Xəyal Nəcəfov, Pərdis Fərcad-Azad, Amit Quluzadə, Tofiq Mikayılov, Ayaz Mehtiyev, Mikayıl Rəhimov.

Samir Abasov (“Sumqayıt” FK-nın baş məşqçisi): “Artıq 2 gündür Antalyada təlim-məşq toplanışını davam etdiririk. Plan üzrə bu gün ilk yoxlama oyununa çıxdıq. “Akjayık”la oyunda iki heyətlə çıxış etdik. Sadəcə olaraq, oyun praktikası sarıdan korluq çəkən bir neçə nəfəri çox oynatdım. Oyuna gəldikdə, uşaqlardan razı qaldım. Həvəslə çıxış edib istəklərini ortaya qoydular və qələbə qazandılar”.