18/08/2011

“Sumqayıt Şəhər”in 12 futbolçusu milli komandalarda


Avqustun 22-dən 24-dək Bakı şəhərində Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçiriləcək. “Sumqayıt Şəhər” futbol klubunun qapıçısı Andriy Popoviç yığmanın heyətinə dəvət alıb. Bundan başqa, klubumuzun 5 futbolçusu – Emil Balayev, Emin Mustafayev, Eşqin Quliyev, Kamil Nurəhmədov və Orxan Həsənov 21 yaşadək futbolçulardan ibarət milli komandaya çağırılıb. Qeyd edək ki, U-21 avqustun 22-dən 29-dək Frankfurt şəhərində təlim-məşq toplanışı keçirəcək. Daha sonra millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 1-də səfərdə İngiltərə U-21 ilə, 6-da isə Belçika U-21 ilə üz-üzə gələcək.

“Sumqayıt Şəhər” klubunun 4 futbolçusu – Orxan Əliyev, Ruslan Nəsirli, David Qarayev və Şamil Camaləddinov isə U-17 heyətində avqustun 19-dan 29-dək Litvanın Palanqa şəhərində təşkil olunacaq beynəlxalq turnirdə iştirak edəcək.

“Sumqayıt Şəhər”in aşağı yaş qrupu üzrə komandasının 2 üzvü – Fərid Kərimzadə və Xəqan Məmmədli isə U-15 və U-16 milli komandasının heyətinə çağırılıb.