01/06/2015

1 iyun Uşaqların Müdafiəsi Günü ilə əlaqədar tədbir keçirilib


1 iyun - bütün dünyada Uşaqların Müdafiəsi Günü kimi qeyd edilir. Bu səbəbdən Sumqayıtda yerləşən sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi tipli internat məktəbində tədbir təşkil edilib. Tədbirdə "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, millət vəkili Muxtar Babayev, "Sumqayıt" FK-nun prezidenti Kamran Quliyev, "Sumqayıt" FK-nun baş məşqçisi Aqil Məmmədov, 19 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Nazim Süleymanov və Sumqayıt şəhərinin dövlət, ictimai qurumların rəhbər işçiləri iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə həmin məktəbin şagirdlərinin hazırladığı şənlik proqramına şahidlik edib. Ardınca qonaqlar məktəbin sərgi mərkəzində uşaqların hazırladığı əl işləri ilə tanış olub. Burada "Sumqayıt" FK və AFFA-nın loqotiplərini əks etdirən müəyyən kompazisiyalar nümayiş etdirilib. Tədbir zamanı şagirdlərə müxtəlif xatirə hədiyyələri təqdim edilib.

Sonda məktəbin direktoru Ayət Kərimova xüsusi dətəyə görə, "Azərikimya" İB, AFFA və "Sumqayıt" FK-na minnətdarlığını bildirib və xatirə şəkli çəkdirilib.