01/05/2015

Xatirə turnirinin açılış mərasimi keçirilib


Xəbər verdiyimiz kimi, "Sumqayıt" Futbol Klubunun təşəbbüsü, "Azərikimya" İstehsalat Birliyinin dəstəyi, Şimal Regional Futbol Federasiyasının təşkilatçılığı ilə Sumqayıt şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş idarə, müəssisə, təşkilat və həvəskar komandalar arasında futbol turniri start götürüb. Dünən "Kapital Bank Arena"da yarışın açılış mərasimi keçirilib. Tədbir zamanı bütün iştirakçılar olimpiya marşı ilə stadionun mərkəzinə təşrif buyurub. Açılış mərasimində klubun rəhbərliyi, futbol veteranları və şəhər ictimaiyyəti iştirak edib. Açılış mərasimi yekunlaşdıqdan sonra turnirin oyunlarına start verilib. İlk oyun günündə 4 qarşılaşma keçirilib. Əvvəlcə baş tutan 2 oyunda Sumqayıtın veteranları Sumqayıt Qaz İstismar İdarəsinin komandasını 7:0, "Gənclik" isə Sumqayıt Şəhər Baş Polis İdarəsinin komandasını 4:0 hesabı ilə üstələyib. Növbəti oyunlarda isə N saylı hərbi hissənin zabitlərdən ibarət komandası "Azərikimya" İB-nin komandasına 6:3 hesabı ilə qalib gəlib, Corat bələdiyyəsi ilə Sumqayıt Texnologiyalar Parkının komandasının oyununda isə qalib müəyyənləşməyib (3:3).

Xatırladaq ki, mayın 14-də başa çatacaq turnirdə 12 komanda qalib adı uğrunda mübarizə aparacaq. Yarışda ümumilikdə 150-ə yaxın həvəskar futbolçu iştirak edəcək.