15/12/2014

Aqil Məmmədovun 50-ci oyunu, Orxan Əliyev 100-cü qolun müəllifi olub


Topaz Premyer Liqasının 16-cı turunun “Neftçi” ilə qarşılaşması “Sumqayıt” FK üçün 3 yubileylə əlamətdar olub. 2013-cü ilin yayından klubu çalışdıran Aqil Məmmədov komandamızı 50-ci çempionat matçına çıxarıb. Bu müddətdə Premyer Liqada 9 qələbə qazanıb, 12 heç-heçə edən sumqayıtlılar 29-cu məğlubiyyətini “Neftçi”dən alıb – 2:3. Bu matçlarda top fərqi 41-84-dür.

Paytaxt təmsilçisinin qapısına vurulan 2-ci qol “Sumqayt” FK-nun Premyer Liqada 100-cü sevinci olub. Buna 114-cü matçında nail olan klubun tarixi qolunu Orxan Əliyev vurub. Texniki nəticələr nəzərə alınmamaqla, “Sumqayıt” 100-cü qolunu 4-cü mövsümündə vurub: 2011/12 – 27, 2012/13 – 31, 2013/14 – 27, 2014/15 – 15.

“Sumqayıt”ın 100 qolunu vuranlardan üçü 10-dan artıq topun müəllifidir: Pərdis Fərcad-Azad – 15, Orxan Əliyev – 14, Məhəmməd Qurbanov – 11.

Qollarının yarısını evdə, yarısını səfərdə vuran sumqayıtlıların “Neftçi” ilə görüşdəki son, ümumilikdə 100-cü qolu səfərdəki 50-ci top olub. “Sumqayıt” evdə də eyni sayda qolun sevincini yaşayıb. “Sumqayıt” FK-nun səfər qolları mövsümlər üzrə: 2011/12 – 14, 2012/13 – 11, 2013/14 – 14, 2014/15 – 11. 
(PFL.AZ)