11/11/2011

“Sumqayıt Şəhər” əvəzedicilərlə qarşılaşacaq


Unibank Premyer Liqasının son turunda səfərdə “Qarabağ” üzərində qələbə qazanan (2:1) “Sumqayıt Şəhər” “Simurq”la oyunun hazırlığını Mehdi Hüseynzadə adına stadionda davam etdirir. Komanda tam heyətlə məşq edə bilmir. Belə ki, klubumuzun əsas qapıçısı Andriy Popoviç əsas millinin, Emil Balayev, Bədavi Hüseynov, Ruslan Tağızadə, Emin Mustafayev, və Hacı Əhmədov isə U-21-in heyətində yer alır. Digər 3 futbolçumuz – Orxan Əliyev, Ruslan Nəsirli və Şamil Cəmaləddinov 17 yaşadək futbolçulardan ibarət yığmamızın heyətində sabah Almaniyalı həmyaşıdlarına qarşı çıxış edəcək.

“Sumqayıt Şəhər”in 6 futbolçusu – Abdulla Abatsıyev, Ramil Nuriyev, Rəşad Kərimov, Samir Abdulov, Ruslan Qurbanov və Sahil Kərimov da zədəli olduğu üçün komandanın məşqində iştirak etmir. Sevindirici hal kimi yarımmüdafiəçilərimiz Orxan Həsənov və Eşqin Quliyevin zədəsini tam sağaldaraq hazırlığa başlamasıdır. Qeyd edək ki, “Sumqayıt Şəhər” sabah saat 11:00-da Masazır qəsəbəsində yerləşən Əlincə stadionunda əvəzedicilərlə yoldaşlıq görüşündə üz-üzə gələcək.