01/10/2014

"Sumqayıt" FK U-14 komandası 6-cı Region kubokunu qazanıb


AFFA-nın və Regional Futbol Federasiyası İctimai Birliyinin təşkil etdiyi 6-cı Region kubokuna yekun vurulub. Regionların yığma komandalarının qarşılaşdığı ənənəvi turnirin final mərhələsində 8 komanda 2 qrupda mübarizə aparıb. Final görüşündə Şimal bölgəsinin komandası Qərb bölgəsinin komandasını 2:0 hesabı ilə üstələyib. 
Nəzərinizə çatdıraq ki, Şimal bölgəsinin komandası "Sumqayıt" Futbol Klubunun 14 yaşadək futbolçulardan ibarət komandasından qurulub. Həlledici görüşdə komandamızın üzvü Səbuhi Abdullazadə dubl edib və qarşılaşmadan sonra komandamız kubokla mükafatlandırılıb.

Yeri gəlmişkən, bu gün U-19 Liqasında 2-ci turun oyunları keçirilib. "Sumqayıt" FK-nun 19 yaşadək futbolçulardan ibarət komandası doğma meydanda "Əlincə"yə 0:2 hesabı ilə məğlub olub.