26/07/2014

"Sumqayıt" FK sabah sonuncu yoxlama oyununu keçirəcək


Topaz Premyer Liqasında 2014/2015 mövsümünə hazırlaşan "Sumqayıt" Futbol Klubu Türkiyənin Kartepe bölgəsində məşqlərini davam etdirir. Aqil Məmmədovun rəhbərlik etdiyi komanda gündə iki dəfə olmaqla hazırlaşır. Heyətdə zədəli futbolçu yer almır. "Sumqayıt" FK sabah sonuncu yoxlama oyununu keçirəcək. Komandamız əvvəllər "Nebitçi" kimi tanınan indi isə "Balkan" FK adlandırılan Türkmənistan təmsilçisi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Xatırladaq ki, "Sumqayıt" FK ilk hazırlıq oyununda "Perspolis"ə 2:3 hesabı ilə məğlub olmuş, ikinci qarşılaşmada Özbəkistanın "Bunyodkor"una 1:0 hesabı ilə qalib gəlib, Batumi "Dinamo"su ilə 2:2 hesablı heç-heçə ilə ayrılıb və sonuncu yoxlama oyunundan "Altın Asır"la sülh bağlayıb (2:2).