06/06/2014

"Yay Futbol Düşərgəsi" layihəsinin təqdimatı keçirilib


"Kapital Bank" ASC və "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu, Təhsil Nazirliyi, Sumqayıt Şəhər Təhsil Şöbəsi, "Azərikimya" İB, AFFA-nın dəstəyi və "Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə Sumqayıt məktəbliləri üçün "Yay Futbol Düşərgəsi" layihəsinin təqdimetmə mərasimi keçirilib. Qeyd edək ki, 2 iyun tarixində start verilən layihə 9 gün müddətində 3 qrup üzrə keçirilir. Ümumilikdə, bu layihədə Sumqayıtda yerləşən 52 məktəb və liseyin tədris ilində fərqlənən 100-dən artıq oğlan və qız şagirdi iştirak edir.

Bu gün Sumqayıtda inşa olunan yeni meydançada "Yay Futbol Düşərgəsi" layihəsinin təqdimetmə mərasimi baş tutub. Mərasimdə "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, millət vəkili Muxtar Babayev, "Kapital Bank"ın İdarə Heyəti Sədrinin birinci müavini Fərid Məmmədov, "Paşa Həyat Sığorta"nın İdarə Heyəti Sədrinin müavini Niyaz İsmayılov, "Kapital Bank"ın Marketin və PR Departamentinin direktoru Vüsal Nağıyev, Sumqayıt Şəhər Təhsil Şöbəsinin nümayəndələri, Sumqayıt Şəhər İdman və Cənclər baş idarəsinin rəis müavini Mübariz Bəşirov, "Sumqayıt" Futbol Klubunun prezidenti Kamran Quliyev və şəhərin futbol ictimaiyyəti iştirak edib.

Tədbir zamanı Kamran Quliyev qonaqları yeni inşa olunmuş stadionun inzibati binası ilə tanış edib. Ardınca qonaqlar meydançada məktəblilərlə görüşüb. Daha sonra "Sumqayıt" Futbol Klubunun Texniki direktoru Frank Bernhardt "Yay Futbol Düşərgəsi" layihəsi haqqında stadiona təşrif buyurmuş qonaqlara məlumat verib. Tədbir zamanı "Sumqayıt" Futbol Klubunun prezidenti Kamran Quliyev "Kapital Bank"ın İdarə Heyəti Sədrinin birinci müavini Fərid Məmmədov, "Paşa Həyat Sığorta"nın İdarə Heyəti Sədrinin müavini Niyaz İsmayılov və Sumqayıt Şəhər Təhsil Şöbəsinin nümayəndələrinə bu layihə çərçivəsində hazırlanmış xüsusi hədiyyəni təqdim edib. Görüş zamanı "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev bu layihəyə dəstək olan qurumlara təşəkkür edib. Tədbirin yekununda isə qonaqlar və layihə iştirakçıları arasında xatirə şəkli çəkdirilib.