12/02/2013

Sabir Allahquliyev: “Sumqayıt” FK “Qarabağ”la görüşə uğur qazanmaq üçün çıxacaq”


Topaz Premyer Liqasının ikinci mərhələsinə “Bakı” heç-heçəsi ilə başlayan (1:1) “Sumqayıt” Futbol Klubu “Qarabağ”la qarşılaşmanın hazırlığına start verib. “Zolaqlılar”la görüşdə meydanda ən yaxşılardan olan Sabir Allahquliyev klubun rəsmi saytına müsahibə verib.

- Necə fikirləşirsən, “Sumqayıt” FK “Bakı” ilə qarşılaşmada iki xal itirdi, yoxsa bir xal qazandı?
- “Sumqayıt” Futbol Klubu ölkə xaricində hazırlaşmasa da, komandamızın paytaxtda yüksək səviyyədə təlim-məşq toplanışı keçdiyini düşünürəm. Beş həftəlik hazırlıq prosesində var qüvvəmizlə çalışıb Topaz Premyer Liqasının ikinci mərhələsinə start verdik. Uşaqlar “Bakı” FK ilə qarşılaşmada meydanda bütün güclərini sərf etdilər. Oyun etibarı ilə də rəqibdən üstün oynadıq. Təəssüf ki, qələbə hesabını qoruya bilmədik. Düşünürəm ki, “Bakı” kimi komanda ilə qazanılan 1 xal bizim üçün önəmlidir.

- Vurulan qolda sənin əməyin böyük idi, yoxsa Orxan Əliyevin?
- Futbol komanda oyunudur. Meydanda hər kəs uğur qazanmaq üçün çalışmalıdır. Vurulan qolda hər ikimizin əməyi var. Həmin anda başımı qaldırıb Orxanın boş mövqedə qərarlaşdığını gördüm. O, da ötürməni layiqincə dəyərləndirdi.

- Komandaya yeni qoşulan futbolçular barəsində nə deyə bilərsən?
- Dövrələrarası fasilədə heyətə 4 futbolçu cəlb olundu. Biri qapıçı Tərlan Əhmədli olmaqla, Mirzağa Hüseynpur, Can Akgün və Eldar Cankişiyev məşqlərdə özlərini yaxşı tərəfdən göstərə biliblər. Lakin hazırlıq prosesinə nisbətən gec qoşulduqları üçün onlara müəyyən qədər vaxt lazımdır. Bir-iki qarşılaşmadan sonra yeni transferlər də komandaya tam uyğunlaşacaq.

- “Sumqayıt” FK-nu həftəsonu çətin “Qarabağ” səfəri gözləyir. Bu qarşılaşmada komandanın əsas məqsədi nə olacaq?
- “Qarabağ” Futbol Klubu Azərbaycan Premyer Liqasının ən güclü klublarındadır. Milli komandamızın əksər üzvləri bu klubun formasını geyinir. Lakin biz də heç kimdən çəkinmirik. “Bakı” ilə görüşdə bunu göstərdik. Oyunun bizim üçün çətin keçəcəyini bilirik. “Sumqayıt” Futbol Klubu “Qarabağ”la görüşə uğur qazanmaq üçün çıxacaq. Ən azından bu qarşılaşmada bir xal qazanıb “altılıq” şanslarımızı saxlamaq istəyirik.