22/01/2013

Mütəxəssislərimizin seleksiya toplanışı barəsində fikirləri necə olub?


“Sumqayıt” Futbol Klubunun 1998-2002-ci il təvəllüdlü futbolçular arasında seleksiya xarakterli təlim-məşq toplanışı keçirməsi barədə xəbər vermişdik. Toplanışa rəhbərlik edən komandanın baş məşqçisi Bernhard Raab bu cür tədbirlərin keçirilməsinin müsbət hal olduğunu deyib. Almaniyalı mütəxəssis seleksiya toplanışlarının gələcəkdə tez-tez keçiriləcəyini də vurğulayıb: “Azərbaycanda olduqca istedadlı gənc futbolçular var. Bu cür seleksiya xarakterli təlim-məşq toplanışlarının keçirilməsi məqsədə uyğun haldır. Bu günki toplanışda 60-dan artıq futbolçunu sınaqdan keçirdik. Açığı deyim ki, xeyli futbolçunun hazırkı durumundan razı qaldıq. Bəyəndiyimiz uşaqları “Sumqayıt” Futbol Klubunun akademiyasına cəlb etməyi düşünürük. Bu cür seleksiya xarakterli təlim-məşq toplanışlarını il ərzində ən azı 3-4 dəfə keçirməyi planlaşdırırıq”.
Bernhard Raabın köməkçisi Aqil Məmmədov da belə toplanışların keçirilməsini alqışlayıb: “Bu cür seleksiya xarakterli toplanışların keçirilməsini alqışlayıram. Hazırda əsas, əvəzedici və akademiyanın məşqçi heyəti tərəfindən bölgələrimizdə yetişən futbolçuları sınaqdan keçiririk. Ümid edirik ki, buradan seçəcəyimiz uşaqlar arasında gələcəyin parlaq ulduzları yetişəcək”.
Seleksiya toplanışında iştirak edən “Sumqayıt” FK-nun əvəzedici komandasının baş məşqçisi Vaqif Paşayev də iştirak edib. Adıçəkilən mütəxəssis də belə tədbirlərin keçirilməsini məqsədə uyğun hesab etdiyini deyib: “Bu gün həqiqətən əsl futbol bayramı yaşayırıq. Artıq bu uşaqların arasında 10-15 nəfəri qeydiyyata almışıq. Seleksiya prosesində əsas olan ikinci mərhələdir. Yəni seçəcəyimiz futbolçular arasında yaxşıca işləməliyik”.